Finlandiya təhsil sisteminin əsas xüsusiyyətləri

Son illər bütün dünyada qabaqcıl təhsil sistemlərindən biri kimi Finlandiya modeli böyük rəğbət qazanıb. Bu onu göstərir ki, finlandiyalılar 40 il əvvəl təhsil sahəsində başlatdıqları islahat prosesinin artıq bəhrəsini görməyə başlayıblar. Finlandiya təhsilin ümumi keyfiyyəti və hamı üçün oxşar dərəcədə əlçatan olması baxımından dünyanın iqtisadi cəhətdən aparıcı ölkələrinin əksəriyyətini üstələyə bilib. Bəs bu təhsil sistemi ənənəvi yanaşmadan nə ilə fərqlənir və ümumiyyətlə hansı xüsusiyyətlər onu uğurlu edib? Məqaləmizdə bu suala cavab tapacağıq.

Əməkdaşlıq. Şagirdlər 9-cu sinifə qədər heç bir sınaq imtahanına tabe tutulmurlar. Onların bilik səviyyəsi dərs dediyi müəllimlər tərəfindən müəyyən standartlar əsasında ölçülüb müəyyənləşdirilir. Burada əsas məqsəd rəqabət etməkdənsə fərqliliklərin xoş qarşılanıb qarşılıqlı əməkdaşlığın qurulmasıdır.

Qabiliyyətyönümlülük. Bu təhsil sistemində əsas məsələlərdən biri ərkən yaşlardaca uşağın xüsusi qabiliyyətlərinin kəşfi və onların davamlı inkişaf etdirilməsidir. Orta məktəbin son illərinə yaxın, xüsusən 9-cu sinifdən etibarən şagirdlərə müxtəlif ixtisaslaşma üzrə təhsilə davam etmək imkanı yaradılır. Onlar müstəqil şəkildə öz təhsil təmayülünü müəyyənləşdirmək və karyera cəhətdən sərbəst plan qurmaq seçiminə malikdirlər.

Əyləncəli mühit. Finlandiya təhsil sistemində şagirdin öyrənməkdən zövq almağına xüsusi diqqət yetirilir. Buna görə də gün ərzində həm dərslər əyləncəli formada keçirilir, həm də dərsdən kənar fəaliyyətlərə geniş vaxt ayrılır. Bu fəaliyyətlər sırasında idman özünəməxsus yer tutur. İdman fəaliyyətləri yarışmadan çox birlikdə əylənmə tərzində keçirilir. Bütün bu fəaliyyətlər zamanı şagirdlərə mütəmadi olaraq özünəinam, fəallıq və davamlı inkişaf xüsusiyyətlərinə sahib olmaq tövsiyə olunur.

Az dərs yükü. Ümumiyyətlə Finlandiya təhsil sistemində uşaqlar 7 yaşından etibarən məktəbə gedirlər. İcbari təhsil 9 ildir. İl ərzində dərs günlərinin sayı və həmçinin gün ərzində dərslərin sayı digər ölkələrdəkilər ilə müqayisədə azdır. Dərslər arasında tənəffüs müddəti uzundur. Şagirdlər tənəffüs vaxtını əsasən açıq havada əylənərək keçirirlər. Ev tapşırığı minimal səviyyədədir. Bundan başqa, siniflərdə şagird sayı azdır. Bu da müəllimə imkan verir ki, hər bir şagirdlə yaxından və fərdi qaydada maraqlana bilsin. Nəticədə müəllim dərs verdiyi uşaqları yaxından tanıyır və onların xüsusi ehtiyaclarına və özünəməxsus öyrənmə tərzlərinə yaxşı bələd olur.

Əlavə dəstək. Şagirdlər məktəb illəri ərzində mütəmadi şəkildə müəllim nəzarətində olurlar. Geri qalınan məqamlarda müəllimlər onlara əlavə dəstək göstərirlər. Həmçinin xüsusi ehtiyacı olan şagirdlər də təhsil sistemindən kənarda qalmırlar, onlar üçün də bərabər imkanlar yaradılır.

Keyfiyyətli müəllim. Müəllimlər xüsusi diqqətlə seçilir və müxtəlif psixoloji yoxlanışlardan keçirilirlər. Bütün müəllimlər magistr dərəcəsinə sahib olmalıdırlar. Ümumiyyətlə Finlandiyada müəllimə hörmət və müəllimlik peşəsinə rəğbət olduqca yüksək səviyyədədir. Müəllimlik əksər peşə ilə müqayisədə daha gəlirlidir. Finlandiyada müəllimlər daima öz üzərində işləyirlər və davamlı öyrənmək və yenilənmək onların əsas şüarlarındandır.

Bütün bu xüsusiyyətlərin təbii nəticəsidir ki, Finlandiya məktəbliləri dil bilikləri, riyaziyyat və təbiət fənləri üzrə keçirilən Beynəlxalq Şagird Qiymətləndirmə Proqramında (PISA) davamlı olaraq ilk sıralarda yer alırlar.